GL Group olaraq, ADA Universiteti tərəfindən təşkil olunan “Enerji sektorunda liderlik, rəqəmsal transformasiya və dayanıqlı inkişaf” adlı səyyar proqram çərçivəsində Qazaxıstanın neft-qaz və enerji sektorlarını təmsil edən həmkarlarımızı qəbul etmək imkanımız oldu. Sentyabrın 13-dən 19-dək Bakıda keçirilən proqram sənaye mütəxəssislərini liderlik, Azərbaycanın enerji sektoru, rəqəmsal transformasiya, davamlı inkişaf və enerji keçidi kimi mövzular ətrafında bir araya gətirdi.
Proqramın Azərbaycanın enerji sektoruna həsr olunmuş praktiki sessiyalarından biri çərçivəsində nümayəndə heyətini GL Group-da, eləcə də afilə şirkətlərimiz olan “Taghiyev Operating Company” (TOC) və “GL Technical Services” (GLTS)-də qəbul etdik. Fəaliyyətimiz və əməliyyatlarımız barədə məlumat verməklə yanaşı, TOC-nin Mərkəzləşdirilmiş İdarəetmə Otağına, Buzovna Terminalına və 1392 saylı quyuya, həmçinin GLTS bazasına və quyuların əsaslı təmiri qurğusuna səfərlər zamanı qonaqlarımıza sahə əməliyyatları ilə birbaşa tanış olmaq imkanı yaratdıq.
Bizim üçün bu səfər praktiki təcrübəmizi bölüşmək, müxtəlif baxışları dinləmək və açıq peşəkar dialoq aparmaq üçün yaxşı imkan oldu. Sənaye mütəxəssislərinin belə görüşlər vasitəsilə bir araya gəlməsinin qarşılıqlı öyrənmə və bilik mübadiləsi üçün imkan yaratdığına inanırıq və ADA Universiteti ilə əməkdaşlığımız çərçivəsində bu mübadiləni davam etdirməyi səbirsizliklə gözləyirik.