“GL Group” 2026-cı ilin İyul ayında Midland şəhəri yaxınlığında yerləşən dörd istismarda olan neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını tamamlayaraq həmin aktivlərin 100% operatorluğunu öz üzərinə götürmüşdür. Satın alınmış aktivlərin tərkibinə 200-dən çox aktiv hasilat quyusu daxildir və “GL Group”un ABŞ-da operator qismində fəaliyyət göstərdiyi ilk upstream neft-qaz aktivlərini əhatə edir.
Aktivlər ABŞ-ın Texas ştatında, Midland şəhəri yaxınlığında yerləşən Perm hövzəsində yerləşir. Perm hövzəsi ABŞ-ın ən böyük neft hasilatı regionu və dünyanın quruda neft-qaz hasilatı üzrə əsas mərkəzlərindən biridir. Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərq hissəsini əhatə edən hövzə təxminən 223 min kvadrat kilometr ərazini əhatə edir. 2025-ci ildə burada gündəlik təxminən 6,6 milyon barel xam neft və 27,6 milyard kub fut əmtəəlik təbii qaz hasil olunmuşdur ki, bu da ABŞ-ın ümumi neft hasilatının təxminən yarısına və əmtəəlik təbii qaz hasilatının təxminən 23 faizinə bərabərdir.
“GL Energy Operating” LLC vasitəsilə “GL Group” ABŞ-dakı hasilat aktivlərinin istismarını, idarə edilməsini və inkişafını həyata keçirir, Qrupun texniki bilik və təcrübəsini, yüksək əməliyyat standartlarını, təhlükəsizlik və səmərəlilik prinsiplərini tətbiq edir. Bu satınalma “GL Group”un beynəlxalq upstream biznesinin genişlənməsində mühüm mərhələ olmaqla yanaşı, ABŞ-da uzunmüddətli fəaliyyətinin və gələcək beynəlxalq inkişafının möhkəm əsasını təşkil edir.