• WTI

    80.17 USD
  • Brent

    85.59 USD
  • Urals

    66.25 USD
  • Azeri Light

    86.83 USD
GL Group ABŞ-da satınalma ilə tarixi mərhələyə nail oldu

GL Group ABŞ-da satınalma ilə tarixi mərhələyə nail oldu

GL Group-un beynəlxalq inkişaf yolunda tarixi bir mərhələni bölüşməkdən qürur duyuruq. Bu gün ABŞ-ın Texas ştatının Hyuston şəhərində Midland yaxınlığında yerləşən, hazırda istismar edilən dörd neft-qaz yatağında hasilat aktivlərinin satın alınmasını uğurla tamamladıq. Satın alınmış aktivlərin tərkibinə 200-dən çox aktiv neft hasilatı quyusu daxildir və biz həmin aktivlərin 100% operatorluğunu rəsmi olaraq öz üzərimizə götürdük.

Bu sövdələşmə GL Group-u ABŞ-da istismarda olan hasilat aktivlərinə sahib olan və onları operator kimi idarə edən ilk Azərbaycan şirkətlər qrupu edir. Bu, Azərbaycanın özəl neft-qaz sektoru üçün tarixi mərhələ olmaqla yanaşı, ABŞ enerji sənayesinin mərkəzində mövcudluğumuzu təmin edir.

Perm hövzəsində yerləşən satın alınmış aktivlər bizi ABŞ-ın ən böyük neft-qaz hasilatı regionunda və dünyanın quruda neft-qaz fəaliyyəti üzrə əsas mərkəzlərindən birində mövqeləndirir. Qərbi Texas və Nyu-Meksiko ştatının cənub-şərq hissəsini əhatə edən Perm hövzəsi təxminən 223 min kvadrat kilometr ərazini əhatə edir. 2025-ci ildə hövzədə gündəlik təxminən 6,6 milyon barel xam neft hasil olunub ki, bu da ABŞ-ın ümumi neft hasilatının təxminən yarısına və qlobal xam neft hasilatının 8%-dən çoxuna bərabərdir. Eyni zamanda, hövzədə 2025-ci ildə gündəlik təxminən 27,6 milyard kub fut əmtəəlik təbii qaz hasil olunub ki, bu da ABŞ-ın əmtəəlik qaz hasilatının təxminən 23%-ni və qlobal təbii qaz hasilatının təxminən 7%-ni təşkil edir.

Bu miqyasda, yüksək texnoloji səviyyəyə və intensiv rəqabət mühitinə malik bir hövzədə hasilatda olan aktivlərin həm sahibi, həm də operatoru olmaq Azərbaycan şirkəti üçün mühüm mərhələdir. Bu satınalma 2024-cü ildə Türkiyənin neft-qaz hasilatı bazarına daxil olmağımızdan sonra beynəlxalq inkişaf strategiyamızın uğurlu icrasına töhfə verir. Texasdakı satınalma eyni zamanda ABŞ-da və digər beynəlxalq neft-qaz bazarlarında gələcək inkişafımız üçün möhkəm zəmin yaradır.

Bu satınalma bir ildən artıq davam edən ciddi qiymətləndirmənin, tərəfdaşlıq əlaqələrinin diqqətlə qurulmasının və komandamızın liderliyi, peşəkarlığı, intizamı və işə sadiqliyi sayəsində məqsədyönlü şəkildə həyata keçirilmiş yeni bazarlara giriş strategiyamızın nəticəsidir. Bu, strateji, əməliyyat və investisiya məqsədlərimizin həyata keçirilməsində mühüm mərhələdir.

“Bu, GL Group-da hər kəs üçün qürurverici andır. Bu satınalma dünyanın ən böyük və ən rəqabətli neft-qaz hasilatı bazarında mövcudluğumuzu təmin edən strateji mərhələdir. Bu addım şaxələndirilmiş beynəlxalq kəşfiyyat və hasilat biznesinin qurulmasına dair uzunmüddətli baxışımızı əks etdirir və ABŞ-da davamlı inkişafımız üçün güclü platforma yaradır”, – deyə Baş İcraçı Direktorumuz və Məşvərət Şurasının Sədri Asif Zeynalov bildirib. “Bu, ABŞ bazarına atdığımız ilk, lakin çox mühüm addımdır. Biz böyüməyə və mövcudluğumuzu genişləndirməyə davam edəcəyik.” – deyə o, qeyd edib.