Məmnuniyyətlə bildiririk ki, Maykl Rono (Sertifikatlı Peşəkar Mühasib) GL Group-un Şimali Amerikadakı əməliyyat şirkəti “GL Energy Operating LLC”-də Maliyyə Nəzarətçisi vəzifəsinə təyin olunub.
Maykl mühasibatlıq sahəsində 25 ildən artıq rəhbərlik təcrübəsinə malikdir və korporativ mühasibat uçotu, maliyyə hesabatlılığı, maliyyə planlaşdırması və təhlili, xəzinədarlıq, daxili nəzarət, audit və strateji maliyyə sahələrində geniş ekspertizaya sahibdir. Karyerası boyunca o, maliyyə funksiyalarının miqyasının genişləndirilməsi, korporativ idarəetmənin və “Sarbanes-Oxley” Qanununun tələblərinə uyğunluğun gücləndirilməsi, Müəssisə Resurslarının Planlaşdırılması transformasiyalarının həyata keçirilməsi, eləcə də kapitalın bölüşdürülməsi, Birləşmələr və satınalmalar (M&A) inteqrasiyası və şirkət dəyərinin yaradılması istiqamətlərində rəhbər komandalarla sıx əməkdaşlıq üzrə güclü təcrübə formalaşdırıb.
Maykl son olaraq Hyustonda yerləşən özəl neft-qaz hasilatı şirkətində Maliyyə Nəzarətçisi vəzifəsində çalışıb. Bu rolda o, birgə iştirak payları üzrə hesablaşmalar (JIB), gəlirlərin bölüşdürülməsi, ABŞ-ın Ümumi Qəbul Edilmiş Mühasibat Uçotu Prinsiplərinə (US GAAP) uyğunluq, xəzinədarlığın idarə edilməsi, vergitutma və strateji maliyyə modelləşdirilməsi də daxil olmaqla, bütün mühasibat və maliyyə funksiyalarına rəhbərlik edib. Onun peşəkar təcrübəsinə, həmçinin “Terra Energy”-də Maliyyə Nəzarətçisi Köməkçisi, “PDC Energy”-də Maliyyə Hesabatlılığı üzrə Menecer vəzifələrində fəaliyyəti, eləcə də karyerasının ilk illərində “Bear Stearns & Co.”-da investisiya bankçılığı və “KPMG”-də audit sahəsində qazandığı təcrübə daxildir.
Yeni vəzifəsində Maykl birbaşa Şimali Amerika üzrə İcraçı Vitse-Prezident Bill Pardyuya (peşəkar mühəndis) hesabat verəcək, eyni zamanda GL Group-un daha geniş Maliyyə funksiyasının bir hissəsi olaraq GL Group-un Baş Maliyyə Direktoru Emil Cəbrayılzadə ilə sıx əməkdaşlıq edəcək. O, ABŞ-dakı əməliyyat aktivləri üzrə bütün mühasibat və maliyyə fəaliyyətlərinə rəhbərlik etməklə yanaşı, GL Group-un strateji genişlənməsinin dəstəklənməsində mühüm rol oynayacaq.
Maykl Corctaun Universitetindən Biznesin idarə edilməsi üzrə bakalavr, Kornell Universitetindən isə Biznesin idarə edilməsi üzrə magistr dərəcələrinə malikdir.
GL Group komandasına yeni qoşulan Maykla uğurlar arzulayırıq!