GL Group 2021-ci ilin noyabrından etibarən özünün törəmə şirkəti olan “GL İnvestment” MMC vasitəsilə 1998-ci ildə bağlanılmış “Azərbaycan Respublikasında “Kürsəngi” və “Qarabağlı” neft yataqlarının daxil olduğu blokun Reabilitasiyası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişdə və bu neft yataqlarının istismarını həyata keçirən 1999-cu il oktyabr ayının 25-də yaradılmış “Salyan Oyl Limited” əməliyyat şirkətində 50% paya sahibdir.
“Kürsəngi” və “Qarabağlı” neft yataqları Azərbaycanın quruda yerləşən ən böyük neft yataqlarındandır. Bakıdan 125 km cənub-qərbdə, Kür hövzəsində yerləşən bu yataqlar 1960-cı illərin əvvəllərindən istismardadır. “Kürsəngi” və “Qarabağlı” yataqlarının Sazişlə əhatə olunan sahəsi 450 km² təşkil edir.
GL Group tərəfindən bu yataqların istismarına başlandıqdan sonra irimiqyaslı yatırımlar edilmədən, ancaq qabaqcıl texnologiyaların tətbiqi və peşəkar idarəetmə yanaşması nəticəsində “Salyan Oyl Limited” əməliyyat şirkətində müsbət tendensiyalar müşahidə olundu. Belə ki, 2022-ci ildə 19 il davam edən baza hasilat düşməsinin qarşısı alınmış və 2023-cü ildə hasilatın artırılmasına nail olunmuşdur.
2024-cü ilin sonlarında GL Group “Kürsəngi” və “Qarabağlı” yataqlarında qazma işlərindəki 14 illik fasiləyə son qoyaraq üç yeni mürəkkəb dərin quyunun, o cümlədən Azərbaycan tarixində ilk dəfə olaraq quruda 4400 m dərinlikdə üfüqi quyunun qazılmasına qərar verir.