• WTI

    71,60 USD
  • Brent

    75,18 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    80.44 USD
GL Group afilə şirkəti Salyanda yeni inzibati binanın açılışını etdi

GL Group afilə şirkəti Salyanda yeni inzibati binanın açılışını etdi

Azərbaycanın ilk özəl enerji şirkəti olan GL Group “Əsrin müqaviləsi”nin 30 illiyini və Neftçilər Gününü özünün afilə şirkəti olan Salyan Oyl Əməliyyat Şirkətinin Salyandakı yeni inzibati binasını açmaqla qeyd edib.  

Sentyabrın 17-də keçirilən açılış mərasimində GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova iştirak ediblər.

Tədbirdə çıxış edən GL Group-un afilə şirkəti Salyan Oyl Limited əməliyyat şirkətinin Baş Meneceri Ramil Əsgərov bildirib ki, yeni ofis binası funksionallığı ilə fərqlənir, lazım olan avadanlıqla təchiz olunub.

Bir hektara yaxın ərazidə yerləşən, ümumi sahəsi 1610 kv.m. olan inzibati binada işçilərin səmərəli işləməsi üçün əlverişli şərait yaradılıb. Burada 29 iş otağı, 88 nəfərlik akt zalı, iclas otağı, 60 nəfərlik yeməkxana, hər biri iki yerlik olan 6 otaqlı qonaq evi vardır. Salyan Oyl Əməliyyat Şirkətinin yeni inzibati binasını fərqləndirən cəhət onun Mərkəzləşdirilmiş Monitorinq otağının olmasıdır. Ən müasir avadanlıqlarla təchiz olunmuş bu otaqda sahələri, istehsal proseslərini monitorinq etmək, dinamikanı izləmək mümkündür.

Ofisin açılış mərasimi “Əsrin müqaviləsi”nin 30 illiyinə və Neftçilər Gününə həsr olunmuş tədbirlə davam edib. Çıxış edənlər bu tarixi hadisənin əhəmiyyətini vurğulayıb, neft strategiyasının bu gün Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi sayəsində uğurla davam etdirilməsindən, ölkəmizdə neftçi əməyinə verilən qiymətdən söhbət açıblar.

GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov şirkətin tərəfdaşlarını faydalı əməkdaşlıq və davamlı dəstəyə görə təşəkkürnamələr, GL Group-un əməkdə fərqlənən işçilərini isə xüsusi mükafatlarla təltif edib.

Daha sonra tədbir iştirakçıları “Qarabağlı” yatağı ərazisindəki 6-cı sahəyə baş çəkib, abadlıq işləri ilə tanış olublar. 6-cı sahəni ölkənin bütün mədənlərindən fərqləndirən burada Qırmızı kitaba düşən dünyada yulğunkimilər fəsiləsindən olan Tamariks ağaclarının bitməsidir. Tamarikslərə qulluq və onların qorunması GL Group-un bir enerji şirkəti olaraq təbiətə qayğısından xəbər verir. 

Beş il öncə enerji sektoruna qədəm basmış GL Group milli neft strategiyasının uğurlu nəticələrdən biridir. 2019-cu ilin aprelində təsis olunan GL Group üçün COVİD-19 pandemiyası,  neftin qiymətlərinin aşağı düşməsi, qlobal loqistika problemi əsl sınaq olsa da, o, gözlənilməz qlobal çağırışlara missiyasını addım-addım həyata keçirmək və vizyonuna sadiq qalmaqla nail oldu. Bu gün portfelində 5 şirkət olan GL Group ölkənin qurudakı yataqlarında əməliyyatlar həyata keçirən, istismarda olan aktivlər üzrə güvənli seçim partnyoru kimi tanınır. Qrupun qabaqcıl texnologiyalarla təchiz olunmuş peşəkar komandası Azərbaycanın ən böyük quru yataqlarından olan “Kürsəngi” və Qarabağlı”da  son 20 ildə ilk dəfə olaraq istehsalatdakı təbii düşmənin qarşısını alaraq onu bir qədər də qaldırmağa nail olub. Gələn il isə bu ərazilərdə yeni quyuların qazılması planlaşdırılır. GL Group-un digər afilə şirkəti Taghiyev Operating Company Abşeronda 3 yataqda – “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqlarında müasir texnologiyalarından istifadə etməklə əməliyyatların keyfiyyətini qaldıra bilib. Ən müasir avadanlıqlarla təchiz olunmuş, fasiləsiz əsaslı təmir və karotaj xidmətlər göstərən GL Technical Services, GL Group-un ölkənin neft sənayesinə verdiyi ən böyük töhfələrdən biridir.