Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun rəhbərliyi ilə deputat heyəti Salyan rayonunda yerləşən Kürsəngi və Qarabağlı neft-qaz yataqlarını, eləcə də GL Group-un afilə şirkəti Salyan Oil Limited-in sahə ofisinə səfər ediblər.
Səfər zamanı qonaqlar Salyandakı neft yataqlarında qazma işlərindəki 14 illik fasiləyə son qoyan, 4000 metrlik vertikal quyunun qazıldığı sahəyə baş çəkiblər.
Millət vəkilləri proqrama daxil olan 5000 metrlik dərin vertikal quyu və Azərbaycanda quruda ilk dəfə olaraq qazılacaq horizontal hissəsi ən azı 400 metr olacaq 4400 metrlik horizontal quyu barədə ətraflı məlumat alıblar.
Millət vəkilləri “Qarabağlı” yatağında yerləşən 6 saylı sahəyə baş çəkərək burada aparılan abadlıq işləri ilə tanış olublar.
Qonaqlar həmçinin GL Group-un afilə şirkəti olan “GL Technical Services” şirkətinə məxsus geofiziki və qaldırıcı avadanlıqlara da baxış keçiriblər.
Milli Məclis üzvləri daha sonra Salyan Oil Limited-in yeni inzibati binasında istifadəyə verilmiş Monitorinq Mərkəzinin real vaxt rejimində müşahidə olunan məlumatlara fasiləsiz çıxış imkanları ilə tanış olublar.
Bundan sonra görüş dəyirmi masa arxasında davam etdirilib. Qonaqlara GL Group-un fəaliyyətinin müxtəlif istiqamətləri barəsində ətraflı məlumat verilib.
GL Group-un Texniki Funksiyalar və Beynəlxalq Əməliyyatlar üzrə Baş Vitse-Prezidenti Gilbert Büyler qrupun Azərbaycanda və Türkiyədə istehsalatda qazandığı nailiyyətlərdən, tətbiq olunan qabaqcıl texnologiyalardan ətraflı söhbət açıb.
GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov Milli Məclis üzvlərinin GL Group-a səfər təşəbbüsünün yüksək qiymətə layiq olduğunu qeyd edib.
O vurğulayıb ki, bu kimi təşəbbüslər parlament ilə özəl sektor arasında qarşılıqlı əməkdaşlığa əlavə stimul verir.