• WTI

    71,60 USD
  • Brent

    75,18 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    80.44 USD
GL Group iki Baş vitse-prezident təyin etdi

GL Group iki Baş vitse-prezident təyin etdi

GL Group bu gün iki Baş vitse-prezidentin - Texniki funksiyalar və beynəlxalq əməliyyatlar üzrə Baş vitse-prezident vəzifəsinə Gilbert Byülerin və Azərbaycandakı əməliyyatlar üzrə Baş vitse-prezident vəzifəsinə Elman Seyidovun təyin olunduğunu elan edib. Təyinatlar dərhal qüvvəyə minib.

Cənab Byüler yataqların işlənməsi və idarə olunmasının bütün aspektləri üzrə 40 ildən artıq təcrübəyə malikdir.  GL Group-a qoşulmazdan əvvəl o, bp və “Exxon” şirkətlərində çoxsaylı beynəlxalq rəhbər və texniki vəzifələrdə çalışıb.

Onun daha əvvəl çalışdığı əsas rəhbər vəzifələrə bp şirkətinin Rusiyada Hasilat üzrə vitse-prezidenti, bp şirkətinin İraq Kürdüstanı üzrə Baş meneceri, bp şirkətinin Yaxın Şərqdə Yataqların işlənməsi üzrə vitse-prezidenti, Rusiyada TNK-bp-nin İstismarda olan yataqların işlənməsi üzrə direktoru, İraqın Rumayla yatağı üzrə Texniki meneceri və Alyaskadakı Prudo Bey (Prudhoe Bay) yatağının işlənməsi üzrə meneceri vəzifələri daxildir. Cənab Byüler ABŞ-ın Kanzas Universitetində neft mühəndisliyi üzrə bakalavr dərəcəsi almışdır. Cənab Byüler GL Group-da Məşvərət Şurasının üzvü kimi də öz fəaliyyətini davam etdirəcək.

Cənab Seyidovun texniki və rəhbər vəzifələrdə 30 ildən artıq təcrübəsi var. GL Group-a qoşulmazdan əvvəl cənab Seyidov 18 il bp şirkətində Azərbaycanda və Şimal dənizində müxtəlif texniki və rəhbər vəzifələrdə çalışıb. Bunlara Şahdəniz yatağında, eləcə də Azəri-Çıraq-Günəşli yatağında Əməliyyatlar üzrə menecer, Regional hasilat meneceri, həmçinin Xəzər dəniz sualtı regional meneceri vəzifələri daxildir. Çalışdığı bu vəzifələrdə cənab Seyidov daim təhlükəsizlik, dayanıqlılıq və istehsalın optimallaşdırılmasına diqqət yetirib. Neft sənayesinin inkişafındakı mühüm xidmətlərinə görə cənab Seyidov 2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyev tərəfindən nüfuzlu “Tərəqqi” medalı ilə təltif edilib. Cənab Seyidov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft və qaz yataqları avadanlıqlarının maşınqayırma mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alıb.

“Gilbert Byülerin misilsiz beynəlxalq səviyyəli texniki və liderlik təcrübəsi GL Group-un həm Azərbaycanda, həm də beynəlxalq miqyasda qısa və uzunmüddətli məqsədlərinə nail olması üçün açar olacaqdır,” – deyə, GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib. “Elman Seyidov çox çətin mühitlərdə təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən səmərəli əməliyyatlara rəhbərlik etməsi ilə nüfuz qazanıb. Onun strateji və taktiki rəhbərliyi GL Group-un Azərbaycanda qısa və uzunmüddətli məqsədlərinə çatmasında əsas rol oynayacaq.”