• WTI

    75.97 USD
  • Brent

    79.76 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    85,85 USD
GL enerji texnologiyaları üzrə qlobal şirkət olan Baker Hughes ilə əməkdaşlıq edəcək

GL enerji texnologiyaları üzrə qlobal şirkət olan Baker Hughes ilə əməkdaşlıq edəcək

Azərbaycanın ilk özəl enerji şirkəti GL-in törəmə şirkəti GL Technical Services (GLTS) sənaye xidmətləri üzrə dünya lideri “Baker Hughes” ilə Anlaşma Memorandumu (MoU) imzalayıb. Bu, GLTS-ə qabaqcıl texnologiyalardan istifadə etməyə və istehsalda məhsuldarlığın artırılması, xərclərin optimallaşdırılması və səmərəli əməliyyatlar da daxil olmaqla istismar problemlərinin həlli üçün kadrların səriştələrini qlobal sənaye standartlarına yüksəltməyə imkan verir.
“Baker Hughes” qlobal səviyyədə enerji və sənaye sifarişçiləri üçün həllər təqdim edən qlobal enerji texnologiyaları şirkətidir. Bir əsrlik təcrübəyə malik olan və 120-dən çox ölkədə fəaliyyət göstərən  “Baker Hughes”, qabaqcıl texnologiya və xidmətlər təqdim etməklə yanaşı, enerji sənayesini irəli aparmaqla onu insanlar və planetimiz üçün daha təhlükəsiz, təmiz və daha səmərəli edir.
2022-ci ilin noyabr ayında təsis edilən GLTS texniki mükəmməlliyə nail olmaq üçün ciddi səylər göstərir və sürətlə Azərbaycanın dinamik enerji sektorunda qabaqcıl həllər və xidmətlər təqdim edən əsas oyunçuya çevrilir. Müasir texnologiya ilə təchiz edilmiş GLTS enerji texnologiyaları sektorunda regional səviyyədə əsas oyunçulardan birinə çevrilməyi hədəfləyir.
GLTS geofiziki tətqiqatlar sahəsində qabaqcıl texniki imkanlara, o cümlədən quyularda geofiziki və karotaj işləri görməyə imkan verən ABŞ istehsalı olan mobil qaldırıcılara, geniş xidmət diapazonu təmin edən geofiziki avadanlıq və sistemlərə, yüksək dəqiqliklə quyu məlumatlarının əldə edilməsini mümkün edən texnoloji həllərə malikdir.
Şirkət bu yaxınlarda ən son müasir texnologiyalı dörd 350 at gücündə 60 tonluq və bir 550 at gücündə 100 tonluq qaldırıcı qurğuları əldə etməklə GLTS-i Azərbaycanda quyuların əsaslı təmiri və xidməti sahəsində mühüm oyunçulardan biri kimi mövqeləşdirib.
Bakı şəhərində keçirilən Anlaşma Memorandumun imzalanması mərasimində Azərbaycan GL-in Baş İcraçı Direktoru Asif Zeynalov qeyd edib ki, “Baker Hughes” ilə əməkdaşlıq GLTS üçün strateji cəhətdən çox mühüm addımdır. Bu addım öz növbəsində şirkət üçün qlobal aparıcı sənaye texnologiyalarına çıxışı təmin edir və bununla da GLTS-in regional oyunçuya çevrilməsi üçün imkanlar yaradır. “Mən GL-in enerji sektorunda mükəmməlliyə və innovasiyaya sarsılmaz sadiqliyini vurğulayan bu əməkdaşlıqdan çox məmnunam”, - deyə cənab Zeynalov vurğulayıb.
“Baker Hughes” şirkətinin Xəzəryanı ölkələr üzrə direktoru Samir Ələsgərov öz çıxışında şirkətin Tələb üzrə Həllərinin (On-Demand Solutions) Alternativ Biznes Modelinə uyğun olaraq partnyorlarımızla yeni və davamlı əməkdaşlığa, həmçinin lazım gəldikdə əlavə imkanları dəyərləndirmək üçün GL və “Baker Hughes” şirkətlərinə resurslarını paylaşaraq tərəfdaş kimi  çalışmağa şərait yaradacağını qeyd edib. 
Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.